Pərakəndə ticarət dövriyyəsi 2,6% artıb

15:59 - 23.08.2021


23 avqust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 milyard 931,1 milyon manatlıq, o cümlədən 12 milyard 379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 2,8% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 327,2 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 20,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54% ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,8% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1% avtomobil benzini və dizel yanacağının, 5,2% elektrik malları və mebellərin, 2,2% əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9% isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Bütün xəbərlər