Prezident Bakıda yeni sosial infrastrukturun açılışına qatılıb

15:16 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

ABC.AZ xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Bütün xəbərlər