Hadrut qəsəbəsində ilk mərhələdə 28 ev tikiləcək

11:52 - 8.05.2023


8 may, Fineko/abc.az. İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Xocavənd rayonunun Hadrut qəsəbəsində də tikinti-quruculuq işləri vüsət alıb. Bunun bariz nümunəsi olaraq Hadrut qəsəbəsində Prezident İlham Əliyev tərəfindən əsası qoyulan inzibati zona və yaşayış məhəlləsi də yer alır.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Əli Zeynalov Hadrutda aparılacaq tikinti-quruculuq və bərpa işləri ilə bağlı jurnalistlərə açıqlamasında qəsəbədə Prezident tərəfindən təməli qoyulan inzibati mərkəzin sahəsinin 4.2 hektar təşkil etdiyini bildirib.

Buraya inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri daxildir. Həmçinin Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin də Prezident tərəfindən təməli qoyulub. Yaşayış məhəlləsində birinci mərhələdə tikiləcək evlərin sayı 28 ədəd olacaq. Həmin evlər 1, 2, 3, 4 və 5 otaqlı olmaqla sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bundan başqa, Hadrut qəsəbəsində olan 360 şagird yerlik tam orta məktəbin də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə isə Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlər və ətraf ərazilərin abadlaşması işləri də 2025-ci ildə başa çatması planlaşdırılıb.

 

Bütün xəbərlər