Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirildi

14.09.2018,13:45


14 sentyabr, Fineko/abc.az. Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini  və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-ın professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq müasir Azərbaycan dövlətinin qurucusuna öz dərin ehtiramlarını bildiriblər. Dövlət himni səsləndikdən sonra qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018/2019-ci tədris ilində I qrup üzrə  Prezident təqaüdünə layiq görülən 26 nəfər məhz BANM-ın tələbəsidir və bu göstərici ilə Məktəb Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir. Rektor vurğulayıb ki, 2018-ci ildə I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 13 nəfərin hər biri BANM-ı seçib. Bildirilib ki, keçən il olduğu kimi, bu il də ölkə üzrə ən yüksək keçid balı  Ali Məktəbin yeni “İnformasiya təhlükəsizliyi” ixtisasına aiddir. E.Qasımov bu il BANM-ı bitirən 92 məzunun artıq Petkim, SOCAR Karbamid, Kompleks Qazma İşləri Tresti, SOCAR KBR, Azərikimya İB, BP, Halliburton, Schlumberger, Maire Tecnimont və s. yerli və transmilli şirkətlərdə çalışdıqlarını söyləyib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “3 gün öncə İzmirdə inşa etdiyimiz STAR neft emalı zavodunda sınaq-buraxılış işləri ilə tanış olarkən məzunlarımızı gördüm və onların fəaliyyəti ilə maraqlandım. Orada hal-hazırda Bakı Ali Neft Məktəbinin otuza yaxın məzunu çalışır. Mənə bildirdilər ki, onlar bilik və bacarıq səviyyələrinə görə məhşur Ortadoğu, Boğaziçi və İstanbul texniki universitetinin məzunlarından heç də geri qalmır, hətta onlardan üstündürlər. Əminəm ki, bu gün Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrimiz aldıqları estafeti daha irəli apara biləcəklər”.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, BANM beynəlxalq şirkətlərin standartlarına cavab verən mühəndislər hazırlayır: “Təhsilə və kadr hazırlığına böyük önəm verən BP şirkəti BANM ilə əməkdaşlıqdan məmnundur və onun məzunlarından professional kadr olaraq çox razıdır”.

Mərasimdə çıxış edən BMT-nin Baş katibinin müavini  və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set  BANM ilə UNİTAR-ın əməkdaşlıq etdiyini və yeni layihə çərçivəsində əcnəbi tələbələrin, o cümlədən Nigeriyadan 15 tələbənin UNİTAR-ın xəttilə BANM-da təhsil alacağını bildirib. Nikhil Set deyib: ”UNİTAR-ın Ali Məktəbə bu etimadı onun dünya standartlarına cavab verən professional kadr hazırlığından və nüfuzundan irəli gəlir.

“Bilik Günü”ndə valideynlər adından çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli BANM-ın ölkə universitetləri arasında seçildiyini və onun təhsil sahəsində Azərbaycanı dünyada təmsil edə biləcək bir ali məktəb olduğunu deyib. Akademik qardaşı oğlunun da BANM-ı seçdiyini, 680 balla“Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olduğunu bildirib.

Ali Məktəbə yeni daxil olan tələbələr adından “Kimya mühəndisliyi” ixtisasına  qəbul olmuş Vüsal Həsrətli, Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə ilk məzunlarından olan Mustafa Əsgərov məzunlar adından tədbirdə  çıxış edib.

Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.