İlham Əliyev: Sahibkarlar bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur

10:55 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var.

Bu sözləri Prezident İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Vergi orqanlarının, digər hüquq-mühafizə orqanlarının bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməli olduqlarını vurğulayan Prezident İlham Əliyev deyib: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

 

Bütün xəbərlər