Operativ Qərargah : Ölkədə daha 6 nəfər koronavirus infeksiyasına yoluxub, bir nəfər vəfat edib

19:25 - 25.03.2020


25 mart, Fineko/abc.az. Ölkədə 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanmışdır. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmamış və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat etmişdir. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülmüşlər.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

 

Bütün xəbərlər