330x100
 

Erməni terroru Dünya Bankının diqqətində - Nazir qurumu məlumatlandırdı

15.10.2020,16:51


15 oktyabr, Fineko/abc.az. Oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxmənzilli yaşayış binalarına “Skad” tipli  ballistik raket atıb.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib.

Nazir təcavüzkar Ermənistanın bu növbəti terroru nəticəsində içərisində uşaqların və qadınların, yaşlıların da olduğu 10 nəfərin həlak olduğunu, 34 nəfərin yaralandığını bildirib. O vurğulayıb ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66  çoxmənzilli yaşayış binası, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb.