Vəsait düzgün hesablanmasa, işimiz heç vaxt səmərə verməyəcək- Prezident

15:16 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Dövlət başçısı sözlərinə belə davam edib:

"Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin". Dövlət başçısı su anbarlarının tikintisinə ayrılan vəsaitdən danışıb: "Hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək".

 

Bütün xəbərlər