Azexport.az 1,52 milyard dollara yaxın sifariş alıb – 2017-ci ildən

15:08 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi“İxrac İcmalı”nın dekabr sayını açıqlayıb.

ABC.AZ “İxrac İcmalı”-na istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Sözügedən hesabatda qeyd olunub ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 %  artıb. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 %  artıb. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ  (5,3%) qərarlaşıb.

Bu ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news