Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib

05.07.2022,16:28


5 iyul, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.

Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.