Azərbaycanda şirkət rəhbəri həbs edildi - Dələduzluqda ittiham edilir

15:50 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, iyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir.

 

Bütün xəbərlər