Türkiyədən Azərbaycana gələnlərin sayı artıb

10:41 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən Azərbaycanla Türkiyə arasında Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında bildirib. O, bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.

O, növbəti dövr üçün iki ölkənin birgə Fəaliyyət Proqramı hazırlamasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin turizm əlaqələrinə töhfə verəcəyini bildirib.

"Azərbaycan son zamanlar Türkiyədə keçirilən sərgilərdə fəal iştirak edir. İki ölkə arasında turizm məhsullarının inkişaf etdirilməsi, təlim-tədris proqramları, media və marketinqlə bağlı qarşılıqlı əməkdaşlıq qurulub. Ölkələr ortaq mədəni irs baxımından bir-birinə yaxındır. Bu isə turizm üçün geniş imkanlar açır", - deyə o qeyd edib.

Bütün xəbərlər