İşıqforun yaranma tarixi

13.06.2018,14:38


13 iyun, Fineko/abc.az. Tarixdə ilk işıqfor 1868-ci ildə İngiltərənin paytaxtı Londonda tətbiq edilmişdi. Onun yaradıcısı ixtsasca mühəndis olan Jon Pik Nayt idi.

İlk işıqfor sadə quruluşa malik olub əllə idarə olunurdu və 2 oxdan ibarət idi.  Oxlar xüsusi qayış ilə yaxınlqdakı polis əməkdaşının köməyilə idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi. Lakin gecələr bu üsul işə yaramırdı.

Sonrakı işıqforlar qaz lampası ilə çalışırdı. Qırmızı rəngli şüşədəki qaz lampasının yanması durmanı, yaşıl rəngli isə hərəkəti göstərirdi.

Lakin bir müddət sonra qaz fanarı partlayaraq polisi ağır yaralayır və bu səbəbdən bir neçə il işıqfordan stifadə edilmir.

Elektriklə çalışan ilk işıqforun yaradıcısı 1912-ci ildə ABŞ-ın Yuta ştatından olan Lester Uayt oldu. Onun yaratdığı işıqforda iki - qırmızı və yaşıl rəng var idi. Lakin Lester Uayt bu qurğunun patentini ala bilmir.

1914-cü ildə amerika işıqfor istehsalı şirkəti eyni vaxtda 4 elektrik işıqforu quraşdırdı. Bu işıqforlarda rənglə yanaşı səs siqnalları da var idi. Bu işıqforların yaradıcısı Ceyms Hoq idi. İşıqforun idarəsi yaxınlıqdakı şüşə kabində  oturan polis tərəfindən olunurdu.

İlk 3 rəngli işıqfor isə 1920-ci ildə eyni vaxtda Nyu York və Detroytda quraşdırılmışdır. Yaradıcıları isə Jon F. Xarris və Uilyam Potts idi.

İşıqfor quraşdırılan ilk Avropa ölkəsi 1922-ci ildə Fransa olmuşdur. İşıqforun vətəni sayılan İngiltərə isə elektrik işıqforunu yalnız 1927-ci ildən istifadə etməyə başlamışdır.

Keçmiş Sovetlər İttifaqında isə işıqfor ilk dəfə 1930- cu il 25 Oktyabrda Leniqradda (Sankt Peterburq) quraşdırılmışdı.

Açar sözlər: işıqfor