“Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirildi

06.05.2019,17:38


6 may, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak etmişdir.  

AmCham-ın direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransı açıq elan edərək konfrans iştirakçılarını salamladı, öz çıxışlarında konfransın keçirilməsinin məqsədi və islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışdılar.

Bundan sonra Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verdi, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs etdi və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğuladı. Gündüz Kərimov qeyd etdi ki, aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daimi diqqətinin bariz nümunəsidir. Sonda Gündüz Kərimov dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirdi.

Daha sonra müzakirələr zamanı, AmCham-ın Direktorlar Şurasının üzvü İlqar Mehti, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov, “AtaHoldinq”-in Hüquq departamentinin direktoru Qorxmaz Ağayev və “Dentons Bakı” hüquq firmasının idarəedici ortağı Ceyms Hoqan çıxış edərək, islahatların əsas istiqamətləri, ədalət mühakiməsi mexanizmlərinin effektivliyinin artırılması, AmCham-ın islahatlardan gözləntiləri və islahatlar barədə təklifləri, məhkəmələrə müraciət, ixtisaslaşmış məhkəmənin yaradılması, icra sisteminin təkmilləşdirilməsi, habelə mediasiya və beynəlxalq arbitraj məhkəmələrinin təşviqi kimi mühüm məsələlər barədə danışdılar.

Konfrans açıq sual-cavab sessiyası ilə başa çatdı və sessiya zamanı bir sıra əhəmiyyətli məsələlər barədə müzakirələr aparıldı. Tədbir iştirakçıları bu konfransın məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə əminliklərini bir daha ifadə etdilər. Məhkəmə-hüquq islahatları ilə əlaqədar ictimai müzakirələr davam edəcəkdir.