ARDNF son zamanlar yüksək reytinqli istiqrazların payını artırıb

15:01 - 13.03.2020


13 mart, Fineko/abc.az. ARDNF-nin gələcək nəsillər üçün yığım funksiyası ilə bərabər, ölkə iqtisadiyyatının xarici təhdidlərə qarşı mühüm sığorta rolu vardır.

ABC.AZ Dövlət Neft Fonduna istinadən xəbər verir ki, ARDNF-nin investisiya strategiyası formalaşdırılarkən bu önəmli vəzifələr tarazlaşdırılmış şəkildə nəzərə alınır.

Bununla yanaşı xüsusilə vurğulamaq yerinə düşərdi ki, iqtisadi qeyri-müəyyənliklər birbaşa olaraq maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, bu təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü biruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir.

Eyni zamanda qeyd edilməlidir ki, iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir.

Hal-hazırda ARDNF-nin investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10 faiz paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70 faiz təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər