330x110
 

“Günay Bank”ın vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı

04.10.2021,16:59


4 oktyabr, Fineko/abc.az. “Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə ABC.AZ Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qeyd edilən bankın 7 saylı filialın müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olmuşdur.

Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranmışdır.

İş üzrə toplanmış sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 və 308.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət iş üzrə əlavə halların, eləcə də digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.