Həbsdə olan Vüqar Səfərlinin müsadirə olunan mülkləri - Siyahı

28.12.2021,12:36


28 dekabr, Fineko/abc.az. Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub. Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin bank hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.