Qurumlarında yaşlılar işdən çıxarılır - Yerlərinə gənc kadrlar gətirilir

16:18 - 17.05.2022


17 may, Fineko/abc.az. Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadan təqaüdə göndərilir. Belə ki, bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması məqsədilə pensiya yaşına çatmış kadrlarla yollarını ayırır. Bundan əvvəl isə təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Hazırda bu tendensiya nisbətən aradan qaldırılır, nəticədə gənclərə yeni iş imkanları yaradılır.

ABC.AZ xəbər verir ki, bu barədə Millət vəkili Vahid Əhmədov modern.az-a açıqlamasında bildirib və prosesin əslində çoxdan başlandığını söyləyib.

Deputat bildirib ki, 65 yaşdan yuxarı işçilər artıq tədricən qurumlardan uzaqlaşdırılır:

“Amma mən bəzi məqamlarda bu prosesin o qədər də tərəfdarı deyiləm. Çünki bəzi sahələrdə təcrübəli insanları yaşı çox olsa da saxlamaq lazımdır. Yeni gələn cavanların təcrübəsi yoxdur, müəyyən səhvlərə yol verə bilərlər. Amma yanında təcrübəli şəxslərlə çalışsalar, nisbətən daha asan və məhsuldar iş ortaya qoymaq olar. Yaşlıların təqaüdə göndərilməsinə təəccübələnməmək lazımdır. Cavanlaşma prosesinə çoxdan start verilib. Müəyyən qurumlara cavan rəhbərlər, nazirlər də gətirilib”.

 

Other news