Nobel mükafatının yaradıcısı, yoxsa "Ölüm taciri"

11:26 - 12.06.2018


12 iyun, Fineko/abc.az. 1888-ci ildə Alfred Nobelin Kann şəhərində müalicə alan qardaşı Lyudviq vəfat edir. Fransız qəzetlərindən biri isə səhvən Alfred Nobelin öldüyünü yazır və məqalənin başlığı “Ölüm taciri öldü” olur. Məqalədə müəllif Alfred Nobeli kəskin tənqid edərək onun kəşf etdiyi dinamitin çoxlu sayda insan həyatına son qoyduğundan bəhs edirdi. Müəllif Alfred Nobelin kütləvi sayda insan həyatına son qoyan silah icad etməklə varlanmasını böyük təəssüf hissilə qeyd edirdi. Məqalədə Alfreddən “ qan hesabına millioner”, “ölüm taciri”, “ dinamit kralı” kimi bəhs edilirdi.

Oxuduqları Alfred Nobeli sarsıtmışdı. O, ölümündən sonra bu şəkildə xatırlanmaq istəmirdi. Alfred qəlbən istəyirdi ki, gələcək nəsillər onu güclü silah istehsalçısı kimi deyil, həyatını dünyada sülhün bərqərar olmasına çalışan biri kimi tanısın. Çox fikirləşdikdən sonra 27 noyabr 1895-ci ildə Parisdə vəsiyyət tərtib edir. O, qazandığı bütün sərvətinin 94%-ni ( 31 mln İsveç markı, indiki hesabla 472 mln dollar)xüsusi mükafat fondunun yaradılmasına vəsiyyət edir. Ayrılan bu məbləğin faizləri İl ərzində fizika, kimya, tibb, ədəbiyyat və sülh naminə fəaliyyətində uğurlarına görə şəxslərə təltif şəklində 5 yerə bölünərək verilməlidir.

Və beləliklə dünyaca məhşur Nobel mükafatı yarandı. Lakin Alfred Nobelin qohumlarının etirazları və uzanan məhkəmə prosesləri hesabına Nobel mükafatının rəsmi təqdimatı 5 il gecikir. İlk Nobel mükafatı Alfredin ölümündən 5 il sonra- 1901-ci ildə baş tutdu və günümüzədək davam edir.