İnşaat sektorunda keçirilən yoxlamalar nəticəsində cinayət işləri açılıb

17:09 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Baş prokuroluq, inşaat sektorunda yol verilmiş hüquqpozmalarla bağlı məlumat yayıb.

Məlumatda deyildiyi kimi, inşaat sahəsində  aparılmış yoxlamalar nəticəsində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən hüquqpozmalar aşkar olunub.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan “İ.N.V.” və “XƏZƏR-SV” adlı Mənzil-Tikinti Kooperativləri (MTK), “İNŞAAT KONSTRUKSİYALARI”, “FILEUR GLOBAL SECURITY GROUP”, “RAHATLIĞIN MƏKANI-GOLD”, “AZKO İNŞAAT” və “AVES” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC), eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar monitorinqlərin nəticələrinə dair həmin agentlikdən daxil olmuş sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

İlkin araşdırmalarla “İ.N.V.” MTK və “AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə  yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanmışdır.

Hazırda qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət və ya inzibati məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Bütün xəbərlər