330x110
 

Ukrayna vizaların dəyərini dörd dəfədən çox aşağı salıb

20.08.2020,10:06


20 avqust, Fineko/abc.az. Ukrayna Nazirlər Kabineti Ukraynaya giriş və tranzitlə bu ölkədən keçid üçün Viza Sənədləşdirməsi Qaydalarına dəyişiklik edib. Birdəfəlik vizanın dəyəri 85 dollardan 20 dollara endirilib.

Bu qərar Ukrayna Hökumətinin avqustun 19-na keçirilmiş iclasında qəbul edilib.

Qərara əsasən, əvvəlki dəyəri 85 dollar olan birdəfəlik elektron viza əvəzinə dəyəri 20 dollar olan birdəfəlik elektron viza və dəyəri 30 dollar olan ikidəfəlik elektron viza tətbiq edilir.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildə ümumi dəyəri 2,975 milyon dollar olan 35 min elektron viza rəsmiləşdirilib. Vizaların dəyərinin azaldılması bu məbləğin 975 min dollara düşməsinə gətirib çıxaracaq.

Lakin Xarici İşlər Nazirliyinin hesablamalarına görə, elektron vizaların rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi belə vizalara tələbatı və səyahətçilərin sayını azı 2-2,5 dəfə artırmağa imkan verəcək.