Azərbaycana gələn turistlərin üçdə biri Rusiyalılardır

13:10 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Azərbaycana gələn turistlərin sayı iyul ayında 5,3%, yanvar-iyul aylarında isə 9,3% artıb.

Dövlət  Turizm Agentliyi məlumat verir ki, iyul ayında daxil olan turistlərin sayı ötən ilin iyul ayına nisbətən 5,3% artaraq 330 min təşkil etmişdir.

“Azərbaycana gələn turistlərin üçdə biri və yaxud 119 min nəfəri Rusiya vətəndaşlarıdır. Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlər 20%, Gürcüstandan gələnlər isə 15% təşkil edirlər. Ümumilikdə, bu ölkələrdən gələn turistlər Azərbaycana gələn əcnəbi vətəndaşların 70%-ni təşkil edirlər”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı 30% artmışdır və onların əksəriyyəti Səudiyyə Ərəbistanından gələnlərdir. Həmçinin  Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında 63% artım müşahidə olunmuş, onların sayı, 24 min nəfər olmaqla, Respublikaya səfər edənlərin ümumi sayının 7%-ni təşkil edir. Eyni zamanda, Rusiya və Türkiyədən gələn turistlərin sayı müvafiq olaraq 2% və 1% azalmış, Gürcüstandan gələnlərin sayı isə 5% artmışdır. İrandan gələnlərin sayı 35% azalmışdır.

“Yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 1,65 milyonu ötüb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 9,3% çoxdur. Bir yarım milyon və ya 31,5% Rusiya vətəndaşları, 20% Gürcüstan, 13%  Yaxın Şərq, 10%i Türkiyə, 10% İran vətəndaşları təşkil etmişdir”, - məlumatda belə deyilir.

Bütün xəbərlər