Azərbaycan Fars Körfəzi ölkələrindən gələn turistlər üçün artıq aktual deyil

25.02.2019,13:24


25 fevral, Fineko/abc.az. 2019-cu ilin yanvar ayında ölkəyə 143 ölkədən vətəndaş gəlib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar ayında ölkəyə 191,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən 2,9% çoxdur.

“Bunlardan 29,4%-i Rusiya, 29,1%-i Gürcüstan, 11,2%-i Türkiyə, 5,4%-i İran, 4,5%-i BƏƏ, 1,7%-i Ukrayna, 1,3%-i İraq, 17,3%-I digər ölkələrdən gəlmişdir. Gələnlərin 0,1%-i vətəndaşlığı  olmayan şəxslərdir”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, yanvar ayında daha çox Misirdən (4,5 dəfə), Pakistandan (2 dəfə), Türkmənistandan (1,7 dəfə), Hindistandan (1,4 dəfə), Çindən (26,5%), Gürcüstandan (21,9%), Cənubi Koreyadan (15,2%) turist axını müşahidə olunub.

“Eyni zamanda,  Fars Körfəzi ölkələrindən gələnlərin sayı keçən ilin eyni dövrünə nisbətən 13,3% və ya 28,5 min nəfər azalıb. Avropa ölkələrindən gələn qonaqların sayı 0,9% və ya 5,8 min nəfər artıb, MDB ölkələrindən gələnlərin sayı isə 0,2% və ya 67,2 min nəfər azalıb”, - məlumatda belə deyilir.