330x110
 

Azərbaycanda Aqrar Sığorta Şirkəti yaradıldı – İLK DƏFƏ

01.09.2020,10:12


1 sentyabr, Fineko/abc.az. İlk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti - "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.

Aqrar Sığorta Fondundan ABC.AZ-a verilən məlumata görə, "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur.

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək.

«Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Müştərək şirkətin təsisçiləri - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir. «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.

Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

Müəllif: Elmir Murad