330x110
 

Gələn aydan başlayaraq Azərbaycanın hava limanlarında turistlərə ximətlərin göstərilməsi üzrə yeni sistem yaradılacaq

10.04.2018,12:04


10 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişaf səviyyəsini qiymətləndirdi.

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd edib ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir.

“Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək”, - İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, indi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər.

“Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin. O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın”, - deyə İlham Əliyev bildirib.